ADA
Dizayn və Memarlıq Fakültəsi

“ADA Universitetinin yeni Şəki kampusunun strateji dizaynı” üzrə sertifikatlaşdırılmış praktiki təlim proqramı

2019-cu ildən YUNESKO-nun siyahısına daxil edilən Şəki irsi dəyərlərinə və strateji roluna görə hər zaman diqqəti cəlb edən bir şəhərdir. ADA Universitetinin Milan Politexnik Universiteti ilə birgə təklif etdiyi sertifikat proqramı 20 memarı Şəkidə bir araya gətirərək tarixi ərazinin mühafizəsi, idarə edilməsi və transformasiyasında maraqlı tərəflər arasında dialoq yaratmaq məqsədi daşıyır. Proqramın iştirakçıları ADA Universitetinin yeni Şəki kampusu üçün ideya və konsepsiyalar hazırlayacaqlar. Layihənin ərazisi ekoloji əhəmiyyətli parkda yerləşən beş tarixi malikanədən və yaxınlıqda tikilmiş məktəb binasından ibarətdir.

Təlimin məqsədi binaların bərpası ilə bağlı vəziyyətin öyrənilməsi və yeni kampus ərazisinin və beş malikanənin mədəni irs kimi qorunub saxlanılması və təkrar istifadəsi üçün konsepsiyanın hazırlanmasından ibarətdir. Bu prosesdə binaların tarixi əhəmiyyəti, YUNESKO obyektlərinə xas olan müdaxilə meyarları nəzərə alınaraq ərazinin ADA Universitetinin yeni kampusuna çevrilməsi üçün memarlıq və şəhərsalma strategiyası hazırlanacaqdır.

Dövlət və özəl qurumların, təhsil müəssisələrinin nümayəndələri, peşəkarlar memarlıq irsinin idarə edilməsi və təkmilləşdirilməsi istiqamətində yerli camaatın və dövlət qurumlarının qarşısında duran aktual məsələlərə cavab tapmaq üçün qarşılıqlı fikir mübadiləsi aparacaqlar.

Təlim proqramı həm də paradiqmatik və metodik cəhətdən təkrarlana bilən nəticələri hədəfləyir. İştirakçılar YUNESKO-nun beynəlxalq qaydalarına (ICOMOS və ICCROM) uyğun mövcud qlobal tendensiyalar və ən yaxşı beynəlxalq təcrübələri əsas götürərək irsin təkrar istifadəsi və transformasiyası həllərini axtarıb tapmaq və yerli şəraitə uyğunlaşdırmaq üçün təlim keçəcəklər.

Hədəf auditoriyası

Sertifikat proqramı özəl və ya dövlət sektorlarında çalışan nümayəndələr və təcrübəli memarlar və şəhərsalma üzrə mütəxəssislər üçündür.
Proqram tarixi, qədim və ənənəvi əraziləsin idarə edilməsi və təkrar istifadəsi ilə bağlı bilik, təcrübə və bacarıqlarının artırılmasında maraqlı olan mütəxəssislər üçün nəzərdə tutulur və inteqrativ yanaşmanı əsas götürür.

Ümumi hədəflər

• Müasir tədqiqat nəticələri, metod və texnologiyaları tətbiq etməklə yeni bilik və bacarıqların yaradılması və akademik-peşəkar-inzibati sahənin mütəxəssisləri arasında əlaqələrin qurulması.
• Mədəni irslə bağlı tikinti və şəhərsalma üzrə praktiki təcrübələrin təkmilləşdirilməsi və bacarıqların beynəlxalq səviyyədə dəyərli çağırışlara çevrilməsi.
• Tarixi binaların tanınması və sorğusu üçün metodların öyrənilməsi.
• Memarlıq abidələrinin bərpası prinsiplərinin və üsullarının təqdim edilməsi.
• YUNESKO siyahısında olan ərazilərdə müdaxilələrin mahiyyəti və məhdudiyyətlərinin izahı.
• Şəkidə yeni ADA kampusu üçün memarlıq strategiyası və dizayn konsepsiyasının hazırlanması.
• Şəkidə yeni ADA kampusunun şəhər ərazisinə uyğunlaşdırılması üçün yeni ideyaların araşdırılması və yaradılması.
• Qədim ərazilərdə və mədəni irs baxımından əhəmiyyətli ərazilərin idarə edilməsi zamanı verilən qərarların qısa və uzunmüddətli nəticələrinin müəyyən edilməsi.

Tematik sahələr

• Memarlıq irsinin bərpası və qorunması: mədəniyyət və təcrübə.
• Tarixi yerlərin və şəhər zonalarının bərpası, əraziyə müdaxilə və təkrar istifadəsinə tətbiq edilən memarlıq və şəhərsalma metodları: mədəniyyət və təcrübə.
• Mövcud binaların və memarlıq irsinin uyğunlaşdırılaraq təkrar istifadəsi: mədəniyyət və təcrübə.
• Tarixi məkanların şəhər və landşaft miqyasında idarə edilməsi: mədəniyyət və təcrübə.
• YUNESKO obyektlərinin idarə edilməsi və qiymətləndirilməsi.
• Memarlıq və urbanizasiya irsinə müdaxilədə yeni texnologiyalar və əmək bazarı.

Didaktik yanaşma və metodologiya

Sertifikat proqramı bütün iştirakçılar üçün açıq müzakirə məqsədi daşıyır. Hər bir sessiya müxtəlif tərəflərin və iki universitetin maraqlarını əks etdirən xüsusi tematik sahələri əhatə edəcək. Burada tədris fikir mübadilələri şəklində həyata keçiriləcək. Proqram tədris yönümlüdür və burada iştirakçılar təcrübəli və peşəkar müəllimlərin rəhbərliyi altında komandalarda işləyərək bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

Proqram 3 moduldan və yekun konfransdan ibarətdir. Hər bir modulun konkret məqsədləri və fəaliyyətləri var və modullar arasında da müxtəlif işlər aparılacaq.
Şəkidə keçiriləcək birinci modul zamanı iştirakçılar memarlıq irsinin tədqiqinin prinsipləri və üsulları ilə bağlı seminarlarda iştirak edəcəklər. Onlar həmçinin tarixi binalara və layihənin mövzusu olacaq Beş-Malikanə kompleksinə baş çəkəcək və yerli tərəfdaşlarla görüşəcəklər.

Milanda keçiriləcək ikinci modul zamanı iştirakçılar seminarda nəzərdə tutulan dizayn fəaliyyətini həyata keçirmək üçün tarixi əhəmiyyətli binalara baş çəkəcək və onların bərpası və transformasiyası zamanı olunan müdaxilələri nəzərdən keçirəcəklər. İştirakçılara həmçinin dizayn fəaliyyəti və onun təşkili haqqında da məlumatlar veriləcək.

Bakıda keçiriləcək üçüncü modulda iştirakçılar Şəkidəki layihənin mövzusu ilə bağlı öz təkliflərini əsaslandırmaq üçün layihə yönümlü işlər görəcəklər. İştirakçılar işçi qruplara bölünəcəklər (4-5 nəfər). Hər bir komanda bir yeni konsepsiya hazırlayacaq və həftənin sonuna qədər layihəni təqdim edəcək. Nəticələr təhlil, sorğular, rəsmlər, eskizlər, 3D vizuallar və layihə konsepsiyasını təmsil edən ilkin modellərlə təqdim olunacaq.

İştirakçılar üçüncü modul və yekun konfrans arasında öz layihələrinin yekun təqdimatını hazırlayacaqlar və sonda ən yaxşı layihə seçiləcək.

Format

1. Şəki modulu: 6-7 iyun 2024-cü il
Sorğu üzrə seminar və əraziyə baxış
FƏALİYYƏT №1 – Binaların sorğusu, əraziyə baxış və yerli tərəfdaşlarla müzakirələr
Şəkidə iki tədbir keçiriləcək:
- Milan Politexnik Universitetinin ekspertlərinin “bina sorğusunun necə aparılması” mövzusunda seminarı.
- İştirakçıların Körpələr Evi/Zülfüqarovun malikanəsinə, eləcə də yeni kampus ərazisinə səfəri.

2. Milan modulu, 1-5 iyul 2024-cü il
Hazırlıq təlimi və səfərlər
FƏALİYYƏT №2 - Milanda hazırlıq təlimi.
Seminar iştirakçıları Milana gedəcək və Polimi komandası tərəfindən planlaşdırılan bir sıra tədbirlərdə iştirak edəcəklər:
- Maraqlı və əhəmiyyətli binalara ziyarət
- Sorğunun və dizayn tapşırıqlarının öyrənilməsi.
- Növbəti addımların komandalar üzrə təşkili.

3. Bakı modulu, 2-6 sentyabr 2024-cü il
Dizayn həftəsi
FƏALİYYƏT №3 - Bakıda seminar
Polimi müəllimləri və layihə rəhbərləri layihə işlərində komandalara nəzarət edəcəklər.
Hər komanda 1 yeni konsepsiya hazırlayacaq və həftənin sonuna qədər layihəni təqdim edəcək.
Nəticələr təhlil və sorğular, rəsmlər, eskizlər, 3D vizuallar və layihə konsepsiyasını təmsil edən ilkin modellərlə təqdim olunacaq.

4. Yekun konfrans, 4 oktyabr 2024-cü il
Bakıda konfrans
FƏALİYYƏT N°4
Yekun tədbir bütün konsepsiya təkliflərinin ictimaiyyətə təqdim ediləcəyi və ən yaxşı layihənin seçiləcəyi konfransdan ibarətdir.

Cədvəl
Sorğu üzrə seminar, əraziyə baxış, yerli tərəfdaşlarla müzakirələr: 25-28 aprel, Şəki
Hazırlıq təlimi və səfərlər: 29 iyun - 6 iyul, Milan
Dizayn həftəsi: 2-6 sentyabr, Bakı
Konfrans: 4 oktyabr, Bakı

Dil
Proqramın dili ingilis dilidir.

Sertifikat
Proqramın sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaq və yekun konfransda ən yaxşı konsepsiya seçiləcəkdir.

Kimlər müraciət edə bilər?
Özəl və ya dövlət sektorunda, eləcə də şirkət və müəssisələrdə çalışan təcrübəli memarlar və tədqiqatçılar iştirak edə bilər. İştirak üçün memarlıq və ya şəhərsalma üzrə bakalavr dərəcəsi, ingilis dili bilikləri, və dizayn proqramları üzrə biliklər zəruridir.

Ödəniş
Proqramın ödənişi 1500 AZN-dir. Bura Şəki və Milan modullarının səyahət, yaşayış və digər xərcləri daxil deyil. Səyahətlə bağlı təşkilati dəstək təşkilatçılar tərəfindən təmin ediləcəkdir.

Müraciət
Namizədlər 18 aprel 2024-cü il tarixinədək www.ada.edu.az/apply linkində yerləşdirilən onlayn müraciət formasını doldurmalıdırlar.

Ətraflı məlumat
Ətraflı məlumat üçün Elşad Göyüşov ilə iau@ada.edu.az e-mail ünvanı və ya 994 51 201 15 11 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz. www.ada.edu.az/sda