ADA Universitetində Xarici Siyasət Proqramının məzun günü keçirilib

ADA Universitetində Xarici Siyasət Proqramının məzun günü keçirilib

23.01.2026

ADA Universitetində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin diplomatları üçün təşkil olunmuş Xarici Siyasət Proqramının məzun günü münasibətilə tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin rektoru Hafiz Paşayev proqram iştirakçılarını salamlayaraq, onları proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib, gələcək diplomatik fəaliyyətlərində uğurlar arzulayıblar.

Rektor Hafiz Paşayev çıxışında ADA Universiteti ilə Xarici İşlər Nazirliyi arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən tədris proqramlarının peşəkar diplomatik kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd edib. Rektor ölkənin inkişafının hazırkı mərhələsində yüksək ixtisaslı mütəxəssislərə artan tələbatdan bəhs edərək, gənc diplomatlara Azərbaycanın keçdiyi tarixi yolu unutmamağı və daim vətənpərvərlik ruhunda fəaliyyət göstərməyi tövsiyə edib.

Xarici işlər naziri Ceyhun Bayramov çıxışında çoxmərhələli imtahan prosesi nəticəsində diplomatik xidmətə qəbul olunmuş gənc diplomatları Xarici Siyasət Proqramının məzunu olmaları münasibətilə təbrik edib. Nazir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Prezident İlham Əliyevin müəyyən etdiyi milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurla həyata keçirilməsində diplomatların üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb. O, bu çağırışların öhdəsindən gəlmək üçün diplomatların bilik və bacarıqlarının daim artırılmasının vacibliyini qeyd edərək, məzunlara öz tövsiyələrini verib.

ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri və ixtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva proqramın məqsəd və məzmunu barədə məlumat verib. Bildirilib ki, 2007–2025-ci illər ərzində Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən üç sertifikat proqramı uğurla icra olunub. Son 19 il ərzində ümumilikdə 1 554 diplomat və dövlət qulluqçusu Xarici Siyasət Proqramında iştirak edib.

Qeyd olunub ki, 2011-ci ildən etibarən həyata keçirilən Xəzər Hövzəsi Tədqiqatları Proqramında 109 ölkədən 365 diplomat və dövlət qulluqçusu, 2018-ci ildən AİDA ilə birgə icra olunan proqramda isə 89 ölkədən 148 xarici diplomat və tədqiqatçı iştirak edib.

Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxışında ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində daha bir uğurlu təlim proqramının yekunlaşdığını bildirib və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, builki proqramın fərqləndirici xüsusiyyətlərindən biri kimi XİN-in rəhbər diplomatlarının təlimçi qismində daha fəal iştirakını vurğulayıb və bu təcrübənin növbəti proqramlarda da davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Tədbirdə proqram iştirakçıları arasından seçilmiş iki gənc diplomat çıxış edərək təlim prosesi ilə bağlı təəssüratlarını bölüşüb və təşkilatçılara təşəkkürlərini ifadə ediblər.

Xarici Siyasət Proqramının əsas məqsədi gənc diplomatların nəzəri və praktiki biliklərini təkmilləşdirmək, onları ikitərəfli və çoxtərəfli diplomatiyaya hazırlamaq, eləcə də müasir beynəlxalq mühitdə peşəkar fəaliyyətlərini dəstəkləməkdir. Proqram çərçivəsində ADA Universitetinin professor-müəllim heyəti, Xarici İşlər Nazirliyi, beyin mərkəzləri və beynəlxalq təşkilatları təmsil edən ümumilikdə 35 mütəxəssis təlimçi qismində iştirak edib.

2025-ci ilin mart–noyabr aylarını əhatə edən proqram iki qrup üzrə təşkil olunub. Hər bir qrup 15 gün ərzində 39 mövzu üzrə seminar və təlimlərdə iştirak edib. Tədris prosesi akademik biliklərlə yanaşı, praktiki bacarıqların inkişafına yönəldilib. Bu çərçivədə iştirakçılar 50 saatlıq bacarıqəsaslı kurslar vasitəsilə şəbəkələşmə, mədəniyyətlərarası ünsiyyət, emosional zəka, danışıqların aparılması, diplomatik yazışma və protokol, natiqlik, media və kommunikasiya, tədqiqat metodları və siyasi təhlil sahələrində praktiki vərdişlər əldə ediblər.

Eyni zamanda, 96 saatlıq bilikəsaslı kurslar çərçivəsində diplomatiyanın tarixi inkişafı, beynəlxalq siyasət və təhlükəsizlik, Azərbaycanın xarici siyasəti, beynəlxalq hüquq, iqtisadi, hərbi-siyasi və konsulluq məsələləri, eləcə də enerji, iqlim, mədəniyyət və ictimai diplomatiya mövzuları üzrə dərin biliklər təqdim olunub.

Proqram çərçivəsində iştirakçılar Qarabağa və Azərbaycan Respublikasının Milli Məclisinə səfərlər də həyata keçiriblər.

Tədbirin sonunda Xarici Siyasət Proqramını uğurla başa vuran diplomatlara sertifikatlar təqdim olunub.