ADA Universitetində “Zəfər Rəqsi” filminin nümayişi keçirilib

ADA Universitetində “Zəfər Rəqsi” filminin nümayişi keçirilib

29.09.2026

ADA Universitetində Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək bildirib ki, Qarabağ Zəfərinin beşilliyinə həsr olunmuş “Zəfər rəqsi” qısametrajlı bədii filmi Fondun təşkil etdiyi Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsəri – Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. O, həmçinin tədbir gününün görkəmli yazıçı və alim Mir Cəlalın anım gününə təsadüf etdiyini qeyd edərək, filmin yazıçı üslubunu və Zəfər tarixinin müxtəlif tərəflərini əks etdirdiyini vurğulayıb.

Film nümayişindən sonra yaradıcı heyət tələbələrlə müzakirə aparıb. Ssenari müəllifi və rejissor Gəray Həsən, eləcə də baş rolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Vüsalə Ağamalıyeva Ağayeva layihənin əhəmiyyətindən danışıblar. Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn filmdə müharibə iştirakçılarının təcrübələrinin dəqiq əks olunduğunu bildirib.

ADA Universitetinin rektoru Hafiz Paşayev film heyətini təbrik edib və bu cür layihələrin beynəlxalq səviyyədə tanınmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, “Balakhani Operating Company LTD” şirkətinin dəstəyi ilə ASAN TV tərəfindən istehsal olunan “Zəfər Rəqsi” qısametrajlı bədii filmi 2026-cı ildə Rusiya, Kanada, Hindistan, İsveç, Almaniya, Niderland və Bolqarıstandakı beynəlxalq film festivallarında münsiflər heyətinin rəğbətini qazanıb, Türkiyədə keçirilən TURAN Film Festivalında isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.