ADA Universitetinin təşəbbüsü və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə artıq beşinci ildir ki uğurla davam etdirilən “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının beynəlxalq mərhələsi yekunlaşıb. ADA Universitetinin Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyası və ADA Universitetində əyani və onlayn formatlarda həyata keçirilən proqramın növbəti dayanacağı Avropanın qabaqcıl təhsil mərkəzləri olan Estoniya və Finlandiya olub.
2025-2026-cı tədris ili çərçivəsində təşkil olunan səfərdə ölkənin 15 şəhər və rayonunu təmsil edən 20 məktəb direktoru və müəllim iştirak edib. Aprelin 5-dən 16-dək davam edən təhsil səfəri zamanı iştirakçılar hər iki ölkənin təhsil sistemi ilə yaxından tanış olaraq qabaqcıl təhsil müəssisələrində interaktiv dərslərə qatılıblar. Məktəb ziyarətləri, dərs müşahidələri və seminarlar vasitəsilə onlar tədrisin təşkili, müasir məktəb idarəçiliyi, müəllim hazırlığı, rəqəmsallaşma və şagirdyönümlü yanaşmalar üzrə beynəlxalq təcrübələri yerində öyrənmək imkanı qazanıblar.
ADA Universitetinin prorektoru Vəfa Kazdal iştirakçılarla keçirilən görüşdə proqramın əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, “Bir Müəllimin Manifesti” proqramı region müəllimlərinin peşəkar inkişafı ilə yanaşı, onların yeni təhsil paradiqmaları ilə tanış olması baxımından mühüm platformadır. Prorektorun sözlərinə görə, beynəlxalq təcrübə mərhələsi iştirakçılara tədris prosesinə fərqli baxış qazandırır və Qazax Müəllimlər Seminariyasının tarixi missiyasını müasir dövrün çağırışları ilə birləşdirərək regionlarda təhsilin inkişafına birbaşa dəstək verir.
Proqram iştirakçısı, Qobustan şəhər E. Vəliyev adına 2 nömrəli tam orta məktəbin müəllimi Aytac Rəcəbova səfər təəssüratlarını bölüşərkən Estoniya və Finlandiya modellərinin ona yeni baxış bucağı qazandırdığını vurğulayıb. O, fərqli təhsil modellərini yerində görməyin yenilikçi yanaşmalar üçün böyük ilham mənbəyi olduğunu qeyd edərək, proqramı “gələcəyə yazılmış bir vəd” kimi xarakterizə edib.
Bu il 5 illik yubileyini qeyd edən və Azərbaycanın regionlarında fəaliyyət göstərən pedaqoqların inkişafına xidmət edən proqramdan indiyədək 101 müəllim və məktəb direktoru məzun olub. Cari tədris ilinin iştirakçıları Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçiriləcək yekun qiymətləndirmə mərhələsindən sonra məzun olacaqlar.